Startapların uğurlu olması üçün nə etməli?
Bakı, 12 iyun, AZƏRTAC
Yolun hələ başında olan startapları uğursuzluğa düçar edən əsas səbəblər hansılardır və onlardan necə qaçınmalı?
AZƏRTAC bununla bağlı İnnovasiyalar Agentliyinin tövsiyələrini təqdim edir.
Geniş bazar araşdırması və müştərini tanımaq
Bazar boşluğunu yaxşı araşdırmaq və müştərini tanımaq startapın əsasını və gələcək inkişafını formalaşdırır. Düzgün bazarı seçdiyinizə əmin olun və müştərilərinizi dinləyin. Onlarla görüşün, formalaşdırdığınız ideyanı gələcək müştərilərinizə danışın, fikirlərini toplayın, onlara lazım olacaq məhsulu yaratdığınıza əmin olun.
Düzgün komanda seçimi
Komandanızdakı insanlar kimlərdir? Nə iş görürlər? Hansı bacarıqlara malikdirlər? Sizinlə eyni ideya, dəyər və maraqları bölüşürlərmi? Bu sualları verərək düzgün komanda ilə çalışdığızla bağlı şübhələrinizi yox edin.
Yanlış mühit və platforma
Startapın uğuru ətraf mühitindən çox asılıdır. Startapı sizə dəstək olacaq, köməklik edəcək mühitdə başlayın. Bu həm fiziki olaraq yerləşdiyi mühit, həm də virtual mühit haqqında doğrudur. Məsələn, sizə uyğun olan sosial şəbəkələrdə startapınızı təmsil edin. Bəzi hallarda “Facebook”, bəzi hallarda isə “Instagram” və ya digər sosial şəbəkə kəskin sürətdə daha effektiv ola bilər. Düzgün yerdə olduğunuza və lazımı platformalardan istifadə etdiyinizə əmin olun.
Həddindən kiçik niş və natamam ideya
Həddindən kiçik nişdə olmaq partnyor və rəqiblərini tanımamağa gətirib çıxarır. Partnyor əldə etməkdən, xüsusilə də rəqiblərdən qoxmamalısız. İdeyanız böyük bazara uyğun gəlmirsə, ondan əl çəkə bilərsiniz. Öz mövqeyinizdən əmin olun və rəqabətdən çəkinməyin.
Ləng başlanğıc və ya vaxtından əvvəl start
Düzgün vaxt seçimi də uğurunuzun müəyyən faizini təşkil edir. Ola bilər ki, ideya bazar üçün heç də yeni deyil, və ya əksinə, çox yeni olduğu üçün onu reallaşdırmaq üçün ona uyğun mühit yaradılmalı ola bilər. Qərar verməzdən və addım atmazdan öncə əmin olun ki, ideyanızla gecikmirsiz və ya bazarı çox qabaqlamırsız. Sonra isə tərəddüd etmədən və əminliklə irəliləyin.