Stepan Mesiç: Azərbaycan Xorvatiya üçün vacib tərəfdaşdır
Bakı, 1 noyabr (AZƏRTAC). Azərbaycan Xorvatiya üçün vacib tərəfdaşdır.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakçısı, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç AZƏRTAC-a müsahibəsində demişdir.
Forumun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq prezidenti bu beynəlxalq tədbirdə keçmiş prezidentlərin, Nobel mükafatı laureatlarının, tanınmış ictimai-siyasi xadim və digər nüfuzlu şəxslərin bir araya gələrək həlli vacib məsələləri müzakirə etmələrini yüksək qiymətləndirərək demişdir: “Ən əhəmiyyətlisi isə odur ki, burada, tədbirin adından da göründüyü kimi, humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Humanizm qıtlığı yaşanan müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Bu Forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da önəmini xüsusi vurğulamaq istəyirəm.
Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi bazanın olduğunu diqqətə çatdıran Xorvatiyanın sabiq prezidenti bir çox sahələrdə əlaqələrimizin inkişafı üçün də yaxşı perspektivlərin mövcudluğunu qeyd etmişdir.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Stpean Mesiç ölkəmizin Xorvatiya, eləcə də Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan Xorvatiyanın sabiq prezidenti, yaxın gələcəkdə bu problemin həllinin tapılmasına ümidvar olduğunu bildirmişdir.