CƏMİYYƏT
Stirlinq Fondunun icraçı direktoru Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib

Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun icraçı direktoru Edvard Rou ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqla Bakıda yenidən görüşməkdən məmnunluğunu ifadə edən A.Paşazadə Stirlinq Fondunun dəvəti ilə ABŞ-ın Yuta ştatında olarkən keçirilən yüksək səviyyəli görüşləri xatırladıb, dini mərkəzlə Stirlinq Fondu arasında münasibətlərin, birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, əlaqələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Edvard Rou Allahşükür Paşazadənin beynəlxalq müstəvidə dinlər və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində çox mühüm işlər gördüyünü bildirib. Qonaq Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib. Bildirib ki, bəzi ermənipərəst senatorların Azərbaycanın Qarabağda guya etnik təmizləmə aparması, erməni dini abidələrini dağıtması barədə Senata təqdim etdiyi üç qətnamə layihəsi Stirlinq Fondunun səyi nəticəsində qəbul olunmayıb.
Özbəkistanda fondun həyata keçirdiyi müxtəlif humanitar layihələr barədə məlumat verən icraçı direktor qeyd edib ki, gələcəkdə Daşkənddə QMİ-nin sədrinin həyat və fəaliyyətinə həsr edilən beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Edvard Rou Stirlinq Fondunun illik toplantısında fəxri qonaq kimi iştirak etmək üçün şeyxülislamı növbəti dəfə ABŞ-ın Yuta ştatına dəvət edib.
Qonaq QMİ-nin Bakıda yeni fəaliyyətə başlayan “Toleranlıq evi”nə eksponat hədiyyə edib, səfəri zamanı dünyada analoqu olmayan belə bir məkanı böyük maraqla ziyarət edəcəyini deyib.