QAN YADDAŞI
STRASBURQDA FRANSIZ DİLİNDƏ 20 YANVAR FACİƏSİNDƏN BƏHS EDƏN VERİLİŞ SƏSLƏNDİRİLMİŞDİR
Paris, 18 yanvar (AZƏRTAC). Strasburda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri Azərbaycanla bağlı səsləndirilən radio verlişi yanvarın 17-də bütünlüklə 20 Yanvar faciəsinin ildönümünə həsr edilmişdir.
Aparıcılardan Elvin Abbasbəyli, Şahin Hüseynli və Alkan Eldəniz Alınca Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun qoşun birləşmələrinin Bakıya yeridilməsindən, əliyalın insanların vəhşicəsinə qətlə yetirilməsindən söhbət açmışlar. Verilişdə 20 Yanvar hadisələri zamanı 133 nəfərin həlak olduğunu, 700 adamın yaralandığını və xeyli insanın itkin düşdüyünü bildirmişlər.
Radio verilişində faciəli gündən 20 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən hələ də hadisəyə münasibət bildirilməməsi, bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması diqqətə çatdırılmışdır.
Verilişdə “Azərbaycan evi”nin sədri Mustafa Alıncanın 20 Yanvar faciəsi ilə bağlı telefon vasitəsilə məlumatına xüsusi yer verilmişdir. M.Alınca faciə baş verdiyi dövrdə Azərbaycanda hadisələrlə bağlı rus və erməni məlumatlarının yalan dolu xəbərlərinə istinad etmiş fransız mətbuatında getmiş yazılara Strasburqda yaşayan azərbaycanlıların qəti etiraz bildirmələrindən, əsl həqiqəti fransızlara çatdırmaq məqsədi ilə apardıqları işlərdən söhbət açmışdır.
Sonda 20 Yanvar faciəsi ilə bağlı yanvarın 20-də “Azərbyacan evi”ndə keçiriləcək tədbir barədə məlumat verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris