RƏSMİ XRONİKA
STX KORPORASİYASI GƏMİQAYIRMA SAHƏSİNDƏ DÜNYADA LİDERLƏRDƏN BİRİDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Pusan şəhərində STX korporasiyasının gəmiqayırma şirkətində olmuşdur. Dövlətimizin başçısını şirkətin sədri Kan Duk Su hörmətlə qarşıladı. O, şirkətin fəaliyyəti barədə məlumat verərək bildirdi ki, STX Cənubi Koreyanın böyük səhmdar şirkətlərindən biridir və dörd törəmə müəssisəsi vardır. Əsas fəaliyyət istiqamətləri gəmiqayırma və energetika biznesidir. 1962-ci ildə yaradılmış bu müəssisənin ümumilikdə 4600 işçisi vardır. Son 40 il ərzində STX-nin nəzdində fəaliyyət göstərən “Shipbuildinq” şirkəti 500-ə yaxın gəmi inşa etmişdir. Bu şirkət Cənubi Koreyanın gəmiqayırma sahəsində dünyada liderlərdən birinə çevrilməsində əsas rol oynamışdır. Burada əsasən, konteynerlər və mayeləşdirilmiş qaz daşımaq üçün gəmilər inşa edirlər. Şirkət gələcəkdə öz fəaliyyətini genişləndirərək, gəmi-bərələrin və avtomobil daşıyan gəmilərin inşasına başlamağı da planlaşdırır.
Prezident İlham Əliyev müəssisə ilə tanış oldu, ayrı-ayrı istehsal sahələrini gəzdi, yeni avadanlıq və texnologiyalar əsasında gəmilərin inşası prosesinə baxdı. Dövlətimizin başçısı ölkəmizin gəmiqayırma sahəsində STX korporasiyası ilə konkret əməkdaşlığının faydalı olacağını söylədi.
Xatırladaq ki, aprelin 24-də Seulda keçirilmiş Azərbaycan-Cənubi Koreya biznes forumunda “Azərbaycan İnvestisiya Şirkəti” QSC və Koreyanın STX korporasiyası arasında imzalanmış anlaşma memorandumlarına əsasən, Azərbaycanda külək elektrik stansiyalarının tikintisi, Qaradağ rayonu ərazisində Xəzər gəmiqayırma zavodunun inşası və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.