SÜLEYMAN ƏLİYARLI: TARİX ZİBİL QUTUSUNA ATILSA, QARABAĞ MÜNAQİŞƏSİNİN ƏDALƏTLİ HƏLLİ HAQQINDA DANIŞMAQ OLMAZ
Məruzəçi geniş auditoriya qarşısında qanlı “Udar” əməliyyatına gətirən tarixi yolu təhlil etmiş, Azərbaycan xalqının müstəqillik uğrunda hərəkatının başlanmasından danışmışdır. O vurğulamışdır ki, Qara Yanvar Azərbaycan xalqı üçün 70 illik sovet ağalığına nöqtə qoyan hadisə idi. Mixail Qorbaçovun fərmanı ilə yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən, Əfqanıstanda təlim keçmiş cəllad hərbçilər dinc əhalini gülləbaran etmiş, tankların altında qoymuş, adamlarda sovet hakimiyyətinə olan-qalan etibarı yoxa çıxarmışdır. Səhəri gün isə, qatillər Bakıdan çıxarılmış, onların yerini fövqəladə vəziyyətə nəzarət edəcək ordu hissələri tutmuşdur.
Dağlıq Qarabağ münaqişəsinin köklərinin hələ 1987-ci ilin oktyabrından qaynaqlandığını deyən professor Əliyarlı məruzəni dinləyən amerikalılarla xatirələrini bölüşmüşdür. Bildirmişdir ki, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov görkəmli şair Bəxtiyar Vahabzadəni otağına çağıraraq, ona Moskvanın qərarını çatdırmışdır: “Dağlıq Qarabağ ermənilərə veriləcək”. Bağırova bu qərarı Azərbaycan ictimayyətinə aşılamaq tapşırığı verilmişdi. Eyni zamanda, Qorbaçov erməni akademiki Aqanbekyanı məsələni beynəlmiləlləşdirmək üçün Paris və Vaşinqtona göndərmişdir. Azərbaycan ziyalıları Moskvanın bu çirkin planına cavab olaraq, Qarabağın tarixi haqqında həqiqətləri Siyasi Büroya ünvanladıqları məktublarda, elmi nəşrlərdə üzə çıxarmağa cəhd göstərirdilər. Hər yerdə geniş erməni təsiri ilə üzləşən bu məlumatlar çox vaxt işıq üzü görmürdü.
Süleyman Əliyarlı məruzəsində ermənilərin əsas iddiasına – guya “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmamışdır” fikrinə cavab vermişdir. Faktları sadalayan tarixçi demişdir ki, hələ yaxın 500 illik keçmişə nəzər salsaq, tarixin elə bir mərhələsi olmayıb ki, Qarabağ ərazisi bu və ya digər şəkildə ermənilərə məxsus olsun. Belə ki, Səfəvilər dövründə bu ərazi Gəncə-Qarabağ bəylərbəyiliyinin, daha sonra çar I Nikolayın əmri ilə Transqafqazın müsəlman Qarabağ əyalətinin, elə həmin çarın sonrakı əmri ilə Kaspi vilayətinin və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmuşdur. Sovet İttifaqı yarandıqdan sonra isə, Qarabağ Azərbaycan SSR-nin tərkibində idi. Tarixin müxtəlif mərhələlərində Rusiya imperiyası ermənilərin yaltaqlıqlarına cavab olaraq, onlara erməni vilayəti və İrəvan quberniyası yaratmış, burada yaşayan erməni əhalisinin sayını süni şəkildə artırmışdır. Bununla yanaşı, ermənilərə aid inzibati bölgələr heç zaman Qarabağı əhatə etməmişdir.
Məruzəçi xatırlatmışdır ki, bu günədək yalanlar yazan erməni tarixçiləri üz-üzə oturub tarixi faktları müzakirə etmək barədə türk həmkarlarının təklifindən boyun qaçırırlar. Bəzi beynəlxalq qurumlar da ermənipərəst mövqe tutaraq, Qarabağın tarixən kimə məxsusluğunu aydınlaşdırmağın mənasız olduğunu iddia edirlər. Lakin tarix zibil qutusuna atılsa, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli haqqında danışmaq olmaz.
Auditoriyaya toplaşanlar Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.