Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin qaz təchizatı payız-qış mövsümünə hazırdır
Bakı, 1 noyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyində (İB) 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən payız-qış mövsümünün yekunları təhlil edilmiş, cari mövsümdə görüləcək işlər müəyyən olunmuş və xüsusi tədbirlər planı işlənib hazırlanmışdır. Plana müvafiq olaraq, respublikanın iri sənaye mərkəzlərindən olan Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində genişmiqyaslı tədbirlər görülmüşdür.
Gəncə şəhərinin Qərb, Sevinc, Azbarit, Dədə Qorqud, S.Qazıyeva küçələrində, eləcə də N.Nərimanov prospektində ümumilikdə, 9,5 kilometr uzunluğunda korroziyaya uğramış polad borular yenisi ilə əvəz edilmiş, şəhərin müxtəlif küçələrində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə 9 ədəd yeni qaztənzimləyici quraşdırılmışdır.
Şirvan şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Şıxbala oğlu, Əsədov, Naxçıvani, Neftçilər, M.Aydınov küçələrində həyətyanı sahələrdən keçən qaz kəmərlərində yenidənqurma işləri aparılmış, digər küçələrdə binaların qarşısından keçən 29,6 kilometr uzunluğunda qaz kəmərlərinin dəyişdirilməsi başa çatmışdır. Bundan əlavə, qaz kəmərlərinin üzərində 51 ədəd yeni siyirtmə quraşdırılmış, 6 ədəd istismara yararsız tənzimləyici yenisi ilə əvəz olunmuşdur.
Mingəçevir şəhərində də payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmışdır. Şəhərin R.Məmmədli, İ.Qasımov, N.Nərimanov, H.Hüseynov, C.Əliyev və digər küçələrində 8,6 kilometr uzunluğunda istismara yararsız qaz xətlərinin dəyişdirilməsi tam başa çatdırılmışdır. Bundan əlavə, qaz kəmərlərinin üzərində 10 ədəd yeni siyirtmə quraşdırılmış və 1 ədəd istismara yararsız tənzimləyici yenisi ilə əvəz olunmuşdur.
Sumqayıt şəhərinin qaz təsərrüfatı da 2013-2014-cü illərin payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilmişdir. Şəhərin İnşaatçılar qəsəbəsində 2,1 kilometr uzunluğunda istismara yararsız qaz xətlərinin dəyişdirilməsi tam başa çatdırılmışdır. On iki ədəd istismara yararsız tənzimləyici, aşağı təzyiqli qaz kəməri üzərində quraşdırılmış və vəziyyəti qeyri-qənaətbəxş olan 6 siyirtmə yenisi ilə əvəz olunmuşdur.