CƏMİYYƏT
Sumqayıt və Quba məktəbliləri “Eko-erudit” breyn – rinq bilik yarışının zona qalibi olmuşlar
Sumqayıt, 26 mart (AZƏRTAC). Quba şəhərində “Eko-erudit” məktəblilərin bilik yarışmasının zona mərhələsi keçirilmişdir. Burada Sumqayıt, Abşeron, Qubadlı, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar komandaları bir araya gəlmişlər.
Tədbir əhalinin və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olmuşdur.
Sumqayıt Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emiliya Səfarəliyeva AZƏRTACa bildirmişdir ki, “Eko-erudit“ yarışması respublikanın orta ümumtəhsil məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII - XI sinif şagirdləri, dərnək üzvləri arasında 3 mərhələdə keçirilir. Suallar yarışın əsasnaməsində qeyd olunan mövzulara uyğun tərtib edilmişdir.
Yarışmanın zona mərhələsinin nəticəsində Sumqayıt və Quba komandaları respublika turuna vəsiqə qazanmışlar.
Yekün tur aprelin 22-də Bakıda keciriləcəkdir.