Süni intellekt təhsildə fürsətdir, yoxsa risk?
Bakı, 15 iyul, AZƏRTAC
Süni intellektin təhsildə tətbiqi son illərin ən çox müzakirə olunan mövzularından biridir. Mütəxəssislər hesab edirlər ki, bu texnologiyanın təhsildə yaratdığı imkanlardan səmərəli istifadə olunması üçün düzgün yanaşma və effektiv tətbiq mexanizmləri formalaşdırılmalıdır.
Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov AZƏRTAC-a müsahibəsində bildirib ki, texnoloji yeniliklərin təhsil sisteminə inteqrasiyası hər zaman müxtəlif istiqamətlərdən dəyərləndirilib. Onun sözlərinə görə, vaxtilə təhsil müəssisələrində kalkulyatorların istifadəsi tətbiq olunanda da cəmiyyətdə müxtəlif fikirlər səsləndirilirdi. Daha sonra kompüterlərin və internetin məktəblərə daxil olması ilə bağlı da oxşar müzakirələr aparılıb.
“Bu gün süni intellekt artıq reallıqdır və onun tətbiqini məhdudlaşdırmaq kimi bir imkan yəqin ki, heç bir dövlətdə olmayacaq. Ona görə də əsas məqsədimiz bu texnologiyanın təhsildə tətbiqi üzrə ən yaxşı praktikaları və həlləri hazırlamaq, təqdim etmək və onun təhsildə əlavə dəyər yaratmasına nail olmaqdır”, – deyə V.Xanlarov vurğulayıb.
İdarə rəisi qeyd edib ki, hər bir texnologiya kimi süni intellekt də düzgün istifadə olunmadığı halda müəyyən risklər yarada bilər. Bu baxımdan yeni həllərin ehtiyatla araşdırılması, pilot layihələrin həyata keçirilməsi və əldə olunan nəticələr əsasında qərarların qəbul edilməsi daha məqsədəuyğun yanaşma hesab olunur.
V.Xanlarov bildirib ki, artıq bu istiqamətdə konkret addımlar atılıb: “Həm valideynlər, həm müəllimlər, həm də şagirdlər üçün süni intellektəsaslı həllər hazırlanaraq istifadəyə verilib. Həmin alətlərdən istifadə nəticələri təhlil olunacaq və gələcək qərarlar bu nəticələr əsasında qəbul ediləcək”.
Mütəxəssisin fikrincə, süni intellektin təhsil sisteminə inteqrasiyası qaçılmaz prosesdir və əsas vəzifə onun yaratdığı imkanlardan səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
Müxbir – Tünzalə Zeyvəliyeva