ELM VƏ TƏHSİL
Şuranın elektron məlumat bazası yaradılır
![Şuranın elektron məlumat bazası yaradılır](/files/2015/3/1200x630/144681718117811035_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tarix problemləri üzrə elmi şurasının növbəti iclası olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasın sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev şuranın fəaliyyət göstərdiyi müddətdə görülən işlərdən danışıb. Qeyd edilib ki, 2015-ci ilin fevralında fəaliyyətə başlayan şura artıq beşinci iclasını keçirir. Ş.Mustafayev şuranın qarşıya qoyduğu vəzifələr, qısa və uzunmüddətli fəaliyyət planı, müxtəlif elm sahələri üzrə elektron məlumat bazasının yaradılması, mühüm istiqamətlər və tədqiqata ehtiyacı olan mövzuların müəyyənləşdirilməsi məslələri barədə ətraflı məlumat verib.
Sonra şuranın elmi katibi Əfşan Şəfiyeva komissiyanın gördüyü işlər barədə hesabatla çıxış edib. Şuranın elektron məlumat bazasının yaradılması prosesində görülən işlərdən danışan elmi katib yaxın günlərdə tarix üzrə problem şurası arxivinin hazırlanıb elmi ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırıb.
İclasda, həmçinin arxeologiya, etnoqrafiya və etnologiya, tarixşünaslıq və mənbəşünaslıq, ümumi tarix və digər ixtisaslar üzrə təqdim olunan dissertasiya mövzuları ətrafında müzakirələr aparılıb.