SURİYADA MÜQƏDDƏS QURANIN 10 YAŞLI BİLİCİSİ İLK ƏSƏRİNİ ÇAP ETDİRMƏYƏ HAZIRLAŞIR
Abdulla Quranı 3 yaşında ikən öyrənməyə başlamışdır. Qurandan parçaları cəmi iki dəfə eşitmək kifayət idi ki, uşaq onları dəqiqliyi ilə təkrar etsin. İlyarımdan sonra, Abdulla Quranı əzbərdən öyrənmişdir. Bununla kifayətlənməyən balaca dahi bir neçə aydan sonra minədək hədis, habelə ərəb poeziyasından təxminən min şeir öyrənmişdir. Atası lap körpəlikdən onu cümə namazına və Quran məktəblərinə aparırdı.
2001-ci ildə 5 yaşlı Abdulla Quran biliciləri müsabiqəsinin qalibi olmuşdur. Müsəlman ilahiyyatçıları onu “möcüzə uşaq”, yaxud “dünyada Quranın ən balaca bilicisi” adlandırmışlar. Müsabiqədəki qələbəsi Abdullaya ərəb dünyasında böyük şöhrət qazandırmış və o, ərəb telekanallarının arzuolunan qonağına çevrilmişdir. O, Yusif Əl-Kardayi və şeyx Məhəmməd Hüseyn Yaqub kimi tanınmış islam ilahiyyatçıları ilə ünsiyyət saxlamış, Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti şeyx Zaid bin Sultan Əl Nəhəyan da Abdullanın fövqəladə qabiliyyətini yüksək qiymətləndirərək, onu görüşə dəvət etmişdir. Öz yaşıdlarını xeyli arxada qoyan Abdullanın valideynləri onun üçün müəllimlər tutmuş, ədəbiyyat, informatika və digər elmlərə yiyələnməsinə də şərait yaratmışlar.
Hazırda Hələbdə müsəlman irsini öyrənən Abdulla məhz bu sahədə nailiyyətlər qazanmaq ümidindədir. O demişdir: “Gələcəkdə şəriət tədqiqatçısı olmaq istəyirəm”. Abdulla yaşıdlarına da Quranın öyrənilməsinə mümkün qədər çox vaxt ayırmağı məsləhət görür.