SVERDLOVSK VİLAYƏTİ İNCƏSƏNƏT USTALARININ KONSERTİ
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu konsertdən əvvəl çıxış edərək qonaqları səmimiyyətlə salamladı. Bu yaxınlarda Yekaterinburqda Azərbaycanın mədəniyyət günləri keçirildiyini bildirərək dedi: “Biz şadıq ki, Azərbaycana cavab səfəri, nəhayət, baş tutmuşdur”.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərlərini xatırladaraq qeyd etdi ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Rusiya regionları arasında ikitərəfli əlaqələrin genişlənməsini alqışlamışdır. İndiki mədəniyyət günləri belə əlaqələrin inkişafına daha bir sübutdur. Əlaqələrin genişlənməsi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.
Sverdlovsk vilayətinin mədəniyyət naziri Natalya Vetrova səmimi qəbula və qonaqpərvərliyə görə bütün nümayəndə heyəti adından minnətdarlığını bildirdi.
Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel çıxışında vurğuladı ki, respublikaya görkəmli siyasi xadim Heydər Əliyevin rəhbərlik etdiyi vaxtdan bəri bu regionun Azərbaycanla çox yaxşı əlaqələri var. Azərbaycan xalqının ümummilli lideri Sverdlovsk vilayətinə yaxşı bələd idi. Heydər Əliyev Prezident olduqdan sonra bu münasibətlər daha da inkişaf etdi, Azərbaycan ilə Sverdlovsk vilayəti arasında səmimi dostluğun bünövrəsi qoyuldu. O dedi: “Sevindirici haldır ki, bu gözəl ənənələri Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev layiqincə davam etdirir”.
Sonra Sverdlovsk vilayəti incəsənət ustaları - Ural Dövlət Akademik Rus Xalq Xoru, “İzumrud” ansamblı, Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının solistləri və rəqs qrupları geniş konsert proqramı ilə çıxış etdilər.
Azərbaycanın Baş naziri Artur Rasizadə, Baş nazirin birinci müavini Abbas Abbasov, Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin və digər rəsmi şəxslər konsertdə olmuşlar.