Taekvando üzrə Azərbaycan yığması “Turkish Open” beynəlxalq turnirində 10 medal qazanıb
Bakı, 15 fevral, AZƏRTAC
Dünya Taekvando Federasiyasının və Türkiyə Taekvando Federasiyasının təşkilatçılığı ilə Antalyada keçirilən IV “Turkish Open” beynəlxalq turniri başa çatıb. “G-2” kateqoriyalı turnirdə Azərbaycan yığmasının daha bir üzvü uğurla çıxış edərək komandamızın aktivindəki medalların sayını ona çatdırıb.
AZƏRTAC xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzizov yarımfinalda Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşmada məğlubiyyətlə üzləşərək bürünc medalla kifayətlənməli olub.
Beləliklə, taekvandoçularımız yarışda 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla, ümumilikdə, 10 medal qazanıblar. Yığma komandamızın liderləri Radik İsayev və Milad Beigi Hərçəqani “Turkish Open” turnirində iştirak etməyiblər.
Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışlara qatılan millimiz fevralın 16-da Vətənə qayıdacaq.