TAMAŞAÇILARA “QAZ LƏLƏYİ” VƏ “SEVGİ” FİLMLƏRİ TƏQDİM OLUNMUŞDUR
Filmdəki hadisələr 1914-1921-ci illərdə Serbiyanın muxtar diyarında cərəyan edir. Kəndli ailəsindən olan Sava Ladyarski öz həmkəndlisi Mariya adlı bir qıza vurulur. Lakin Birinci Dünya müharibəsi onları ayrı salır. Müharibədən qayıdan Sava hiss edir ki, atası onun kasıb ailədən olan sevimli qızla evlənməsinə razılıq verməyəcək. Ona görə də o, qonşu şəhərdə yaşayan dayısıgilə gedərək, orada Anika adlı varlı qızı ilə evlənir. Bu izdivac Savanın yüksək sosial şəraitdə yaşamasına imkan yaratsa da, ilk məhəbbət duyğuları onu tərk etmir.
Ekran əsərinin əvvəlində qaraçı falabaxanın dedikləri düz çıxır. Mariya dünyadan erkən köçür, Sava isə özünün qəhər dolu firavan həyatını yaşamaqda davam edir.
Rollarda Bane Trifunoviç, Kalina Kovaçeviç, İqor Dordeviç, Mariya Karan Predraq Eydus və Voja Brajoviç çəkilmişlər.
Filmin ssenari müəllifləri Corce Milosavljebiç və Tonsi Matulik, quruluşçu operatoru Rade Vladik, rəssamı Veljko Despotoviç bəstəkarı Nemanja Mosuroviçdir.
Həmin gün paytaxt kinosevərlərinə tacik-İran kinorejissoru Möhsen Maxmalbafın “Sevgi” bədii filmi də təqdim olunmuşdur. Kino lentində 40 yaşlı rəqs müəllimi təkliyə son qoymaq qərarına gəlir. Dərs dediyi və sevdiyi dörd qızı müxtəlif vaxtlarda görüşə dəvət edir. Məhəbbət haqqında düşünən qəhrəman belə qənaətə gəlir ki, müasir bəşəriyyət sevgidən uzaqlaşaraq, daha çox şəhvətə can atır.
Rollarda Daler Nazarov, Maryam Qayibova, Farzona Beknazarova, Təxminə İbrahimova, Maloxat Abdulloyeva, Aliakbar Abdulloyev, Lutfullo Davlat və başqaları çəkilmişlər.
Hər iki film maraqla qarşılanmışdır.