Tarek Meyd: Argentina xalqının Azərbaycan haqqında kifayət qədər məlumatı vardır
Bakı, 5 oktyabr (AZƏRTAC). Argentina xalqının Azərbaycan haqqında kifayət qədər məlumatı vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan argentinalı hüquqşünas Tarek Meyd jurnalistlərə müsahibəsində demişdir.
O, Azərbaycanın Argentinadakı səfirliyinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, əvvəllər Argentina xalqının ölkəmiz haqqında məlumatı az olsa da, ölkə rəhbərliyinin müvafiq göstərişləri və səfirliyin səyləri nəticəsində artıq Azərbaycan mədəniyyəti və həqiqətləri haqqında kifayət qədər məlumatlandırılmışlar. Ölkəmiz haqqında təəssüratlarını bölüşən qonaq Bakı şəhərinin memarlıq incilərinə heyran qaldığını vurğulamışdır. Bildirmişdir ki, özünəməxsusluğu ilə digər ölkələrdən fərqlənən ölkəmizin çox zəngin mədəniyyəti vardır. T.Meyd Azərbaycanın strateji baxımdan əhəmiyyətli mövqedə yerləşdiyini, bölgənin ən önəmli ölkəsi olduğunu vurğulamışdır.
T.Meyd Forumda təşkilati işin yüksək səviyyədə olduğunu və bir hüquqşünas kimi təcrübəsini müxtəlif ölkələrdən olan mütəxəssislərlə bölüşməkdən böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırmışdır.