Tarix Muzeyində Əhmədiyyə Cəbrayılova həsr olunan tədbir
Bakı, 5 may, AZƏRTAC
Mayın 6-da Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunan tədbir keçiriləcək.
Tarix Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovun təsisçisi və direktoru olduğu Əhmədiyyə Cəbrayılovun Xatirə Muzeyindən eksponatlar, atasına aid əşyalar, şəkillər, orden və medallar, həm muzeyin kolleksiyasından, həm də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti arxivindən götürülmüş tarixi əhəmiyyət kəsb edən sənədlər nümayiş olunacaq.