Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan İkinci Dünya müharibəsində bir çox istiqamətlər üzrə iştirak edib və Sovet İttifaqının faşizm üzərində qələbəsində həlledici rol oynayıb. İnsan resurslarından tutmuş texnika, təbii sərvətlər, qızıl-gümüş ehtiyatları, maliyyə və ərzaq təminatı, geyim və digər sahələrədək Azərbaycanın töhfəsi müharibənin nəticəsinə birbaşa təsir göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarixçi-alim Zaur Əliyev səsləndirib.
Tarixçi bildirib ki, sovet rəhbərliyi uzun illər Azərbaycanın qələbədəki rolunu kölgədə saxlamağa çalışıb.
“İ.Stalin, A. Mikoyan və İ. Baqramyanın göstərişi ilə Azərbaycanın müharibə dövründəki fəaliyyətinin böyük hissəsi gizlədilib. Məhz bu səbəbdən Bakıya “Qəhrəman şəhər” adı da verilməyib. Bir çox azərbaycanlı layiq olduğu halda Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməyib, minlərlə insanın zəhməti tarixdən silinməyə çalışılıb”.
O qeyd edib ki, Azərbaycan xalqı arxa cəbhədə də fədakarlıq göstərib. Müharibə illərində Azərbaycan neftçiləri cəbhənin yanacaq və neft məhsullarına olan tələbatının 80 faizini, hərbi texnika üçün yağların isə 96 faizini təmin ediblər.
“Azərbaycanda 130-dan çox silah, sursat və texnika növü istehsal olunurdu. Məşhur “Katyuşa” raket qurğuları və “Yak-3” qırıcı təyyarələri də burada hazırlanırdı. Bakıda fəaliyyət göstərən 41 hərbi hospitalda 440 min yaralı müalicə alıb. 1942-ci ilin martında formalaşdırılan və “Taqanroq diviziyası” kimi tanınan 416-cı Azərbaycan atıcı diviziyası Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırıb.
Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi və 11 milli diviziya yaradılmışdı. Azərbaycanlılardan ibarət milli diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçərək Moskva və Leninqrad şəhərlərinin, eləcə də Şərqi Avropa ölkələrinin azad olunmasında iştirak ediblər.
100 minə qədər azərbaycanlı əsir düşüb və partizan hərəkatlarında iştirak edib. Onların bir hissəsi legioner olub, bir çoxu isə başqa adlarla dəfn edilib. 1942-ci ildən etibarən Azərbaycan lend-liz proqramı çərçivəsində mühüm strateji mərkəzə çevrilib. ABŞ tərəfindən SSRİ-yə göndərilən yüklərin böyük hissəsi Bakı üzərindən daşınırdı. Həmçinin Xəzər dənizi vasitəsilə yüklər Həştərxana çatdırılırdı. Azərbaycanlı dənizçilər ən çətin hava şəraitində belə cəbhənin yanacaq və silah-sursatla təmin olunmasını fasiləsiz həyata keçirirdilər. İran üzərindən SSRİ-yə daşınan avtomobillər isə Tehran–Aşqabad, Tehran–Astara–Bakı və Culfa–Vladiqafqaz marşrutları üzrə çatdırılırdı”, - deyə alim bildirib.
Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələrin layiqincə qiymətləndirilmədiyini deyən Z.Əliyev bildirib ki, Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsi tarixi ədalətsizlikdir.
Müxbir - Səbinə Əlizadə