TASS agentliyinin Fotoxronika xidməti 95 illik yubileyini qeyd edir
Moskva, 2 fevral, AZƏRTAC
Rusiyanın TASS agentliyinin Fotoxronika xidməti 95 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, hazırda TASS agentliyinin fotoinformasiya redaksiyası gün ərzində 600-dən çox fotoreportaj və videomaterial istehsal edir. Xidmətin fotobankında 28 milyondan çox fotoşəkil saxlanılır.
TASS agentliyinin baş direktoru Sergey Mixaylovun sözlərinə görə, hazırda ən müasir avadanlıqlardan istifadə edən foto xidməti öz istifadəçilərinə təkcə fotomateriallar deyil, həm də videomateriallar təqdim edir. Ötən əsrin əvvəllərindən başlayaraq fotoxronikanın arxivində saxlanılan fotoşəkillər rəqəmsallaşdırılıb və onlardan müxtəlif fotosərgilərdə istifadə olunur.
Qeyd edək ki, AZƏRTAC və TASS agentlikləri sıx əməkdaşlıq edirlər. Hər iki agentlik beynəlxalq informasiya təşkilatları - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) və digər transmilli informasiya strukturları çərçivəsində bir-birini dəstəkləyir.
Azərbaycan və Rusiyanın aparıcı informasiya agentlikləri olan AZƏRTAC və TASS birgə layihələr həyata keçirir, tematik sərgilər təşkil edir, fəal xəbər mübadiləsi aparırlar. İnformasiya və təcrübə mübadiləsinə dair ikitərəfli saziş çərçivəsində ustad dərsləri, həm jurnalistlər, həm də texniki personaldan ibarət əməkdaşların qarşılıqlı səfərləri həyata keçirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva