TBİLİSİ HƏBSXANALARINDA İĞTİŞAŞ YATIRILMIŞDIR
Gürcüstan ədliyyə naziri Georgi Kavtaradze iğtişaşı həbsxanadakı “qanuna görə oğrular” tərəfindən yaxşı təşkil olunmuş fitnəkarlıq adlandırmış və xüsusi təyinatlı polisin buraya məhbusların qaçmasının qarşısını almaqda gözətçilərə kömək göstərmək məqsədi ilə yeridildiyini bildirmişdir. Nazir polis ilə məhbusların toqquşması zamanı hər iki tərəfdən ölənlər və yaralananlar olduğunu, əməliyyat zamanı həbsxanadan 5 odlu silah tapıldığını demişdir. O vurğulamışdır ki, əvvəlcədən planlaşdırılan bu aksiyadan məqsəd Gürcüstanın bütün həbsxana və koloniyalarında kütləvi iğtişaşlar təşkil etmək idi.
Gürcüstan parlamenti insan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Yelena Tevdoradze bildirmişdir ki, ilkin məlumata görə, əməliyyat zamanı 7 məhbus ölmüş, 19 nəfər yaralanmışdır.
Hazırda 5 nömrəli həbsxanadakı məhbusları başqa həbsxanalara köçürürlər.
Vəziyyət gərgin olaraq qalır. Martın 27-də Rustavi şəhərindəki 2 nömrəli həbsxanada da iğtişaş baş vermişdir. Lakin yerli mühafizəçilər iğtişaşı tezliklə yatırmağa müvəffəq olmuşlur.
Kutaisidəki Gequti həbsxanasında da iğtişaş cəhdi olmuşdur.