İDMAN
TBSBB-NİN KUBOKU UĞRUNDA NÖVBƏTİ MİNİ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
Bakı idman sarayında Türkiyə Beynəlxalq Sənayeçilər və Biznesmenlər Birliyinin (TBSBB) kuboku uğrunda qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən şirkətləri arasında ənənəvi mini futbol turnirinin yekun oyunları keçirilmişdir.
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üçüncü dəfə keçirilən bu yarışlar 2003-cü il noyabrın 8-də başlanmış və Türkiyə Respublikasının 80 illiyinə həsr olunmuşdur.
Yarış iştirakçıları və azarkeşlər ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Sonra keçirilən yarışların yekunlarına görə, kubokun sahibi “Anşad petrol” komandası olmuşdur. “Azərsun holdinq” ikinci, “Azərcell” üçüncü, “Pünhan elektrik” isə dördüncü yeri tutmuşdur.
Qalib komandaya və mükafatçılara TBSBB-nin diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.