Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” layihəsinə start verilib
Bakı, 9 mart, AZƏRTAC
İsrailin Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsü ilə martın 5-dən 16-dək İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan Tibb, Mədəniyyət və İncəsənət Universitetləri ilə birgə “Sevimli həkimlər” treninq layihəsi həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 30 tələbəsi 5 günlük təlimlərdən sonra Talassemiya və Onkologiya Mərkəzlərində, eləcə də paytaxtın digər tibb müəssisələrində təcrübədən keçəcəklər.
AZƏRTAC xəbər verir ki, martın 9-da Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” layihəsinə start verilib.
Tədbiri Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov açaraq layihənin mahiyyətindən danışıb: “Sevimli həkimlər” layihəsi 2002-ci ildə İsraildə keçirilməyə başlanılıb. Həmin ölkədə münaqişələrdə “Sevimli həkimlər” sığınacaqlarda uşaqlara və onların ailələrinə stress vəziyyətinə tab gətirməkdə yardım göstəriblər. Layihənin məqsədi hər yerdə uşaqlara və böyüklərə kömək etməkdən ibarətdir. “Sevimli həkimlər” xəstənin və onun ailə üzvlərinin yaşadığı stresi azaltmağa və müalicə prosesini asanlaşdırmağa kömək edir.”.
Prorektor layihə çərçivəsində universitetin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında uşaqlarla görüş keçiriləcəyini söyləyib.
Layihənin nümayəndəsi təmsil etdiyi cəmiyyətin fəaliyyəti barədə məlumat verib: “Cəmiyyətimiz İsraildə tibbi klounları öz ətrafında birləşdirir və 103 kloun 30 xəstəxanada fəaliyyət göstərir. İndiyə qədər xeyli uşaqda həkimə qarşı olan qorxu hissini azaltmışıq”.
Açılış mərasimindən sonra “Sevimli həkimlər”in fəaliyyətini əks etdirən film nümayiş olunub.
Qeyd edək ki, bir gün əvvəl Universitetin Tədris Terapevtik klinikasında layihənin növbəti təlimi keçirilib. Təlimi İsraildən gələn peşəkar tibbi klounlar - Hanuka Penni və Azarin Vitali aparıblar.
Tibbi kloun kimi ilk addımlarını atan gənclər təlimçilərin rəhbərliyi ilə klinikanın pediatriya şöbələrində müalicə alan uşaqlar və onların valideynləri ilə ünsiyyət qurub, müxtəlif xəstəliklərdən əziyyət çəkən azyaşlıları əyləndirib, onlara xoş əhval-ruhiyyə bəxş ediblər.
Martın 15-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda proqramın bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.