“Təhsil liderləri üçün mini MBA proqramı”nı başa vuranlara sertifikatlar təqdim edilib
Bakı, 10 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən həyata keçirilən “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Cəmiyyətindən məlumat verilib.
Tədbiri açan Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov layihənin məqsədi, icra prosesi və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin rəhbərlərinin və təhsil idarəçilərinin strateji idarəetmə, liderlik, maliyyə və insan resurslarının idarə olunması, keyfiyyətin təminatı, kommunikasiya və digər müasir idarəetmə istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması olub. Proqram çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlar, müzakirələr və təcrübə mübadiləsi imkanlarından da faydalanıblar.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında təhsil sahəsində həyata keçirilən islahatlarda peşəkar liderliyin və effektiv kommunikasiyanın mühüm rol oynadığını qeyd edərək bu kimi təşəbbüslərin təhsil rəhbərlərinin inkişafına mühüm töhfə verdiyini bildirib.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında müasir dövrdə məktəb rəhbərlərinin yalnız inzibati idarəçi deyil, eyni zamanda, dəyişiklikləri idarə edən lider kimi formalaşmasının vacibliyini vurğulayıb və proqramın bu istiqamətdə uğurlu platforma olduğunu qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev isə məktəblərdə səmərəli idarəetmə modelinin qurulması, davamlı peşəkar inkişaf və təcrübə mübadiləsinin əhəmiyyətindən danışaraq proqram iştirakçılarını əldə etdikləri bilik və bacarıqları gündəlik fəaliyyətlərində tətbiq etməyə çağırıb.
İştirakçılar proqram müddətində qazandıqları bilik və təcrübələrin onların peşəkar fəaliyyətinə mühüm töhfə verdiyini qeyd ediblər.
Sonda “Təhsil liderləri üçün mini MBA proqramı”nı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.