Təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 8 oktyabr (AZƏRTAC). “Təmiz Şəhər” ASC təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, növbəti tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsində təşkil edilmişdir.
“Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda keçirilən tədbirdə Milli Məclisin Aparatının sektor müdiri Şamil Hüseynov tələbələrə ətraf mühitin mühafizəsi sahəsində parlament tərəfindən qəbul olunmuş normativ-hüquqi sənədlər barədə məlumat vermişdir.
Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev isə bərk məişət tullantılarının düzgün idarə olunmasının insanların həyat fəaliyyətinin təhlükəsizliyində rolu barədə məlumatları diqqətə çatdırmışdır.
“Təmiz Şəhər” ASC-nin ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev təmsil olunduğu qurumun gördüyü işlər barədə təqdimatla çıxış etmişdir.
Qeyd olunmuşdur ki, ASC tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gənclərin ekologiya və ətraf mühit sahəsində biliklərinin artırılması və onları ətraf mühitə qayğı ilə yanaşmağa çağırmaqdır.