Təhsil naziri Ceyhun Bayramov “Virtual əlaçı”larla videogörüş keçirib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Təhsil naziri Ceyhun Bayramov “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının şagirdlər arasında sağlam rəqabətin aparılması və öyrənilən biliklərin yoxlanılması məqsədi daşıdığını qeyd edib.
Nazir vurğulayıb ki, hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur. Bu günədək müsabiqədə yüz minlərlə şagird iştirak edib və onların arasında 149 şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub.
Ceyhun Bayramov bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün videoməzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.
Təhsil naziri bütün məktəbliləri “Məzun günü” münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.
Sonra şagirdlər “Virtual əlaçı” müsabiqəsində iştirakla bağlı təəssüratlarını bölüşüb, nazirə suallar veriblər.