CƏMİYYƏT
“Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/1706873992215520585_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739921975411131_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706873992618233215_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739925253944069_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739925915254139_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739925259116144_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739921005736444_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706873992477292699_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068739922943861701_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 340 nəfər tələbə gəncin iştirakı ilə keçirilib. Forumun əsas məqsədi TGT-lərin fəaliyyətinin səmərəliliyi, gələcək perspektivdə inkişaf strategiyasının müəyyən olunması və düzgün planlanma aparılmasına dəstək olmaq olub.
Tədbir öz işinə ATGTİ, Gənclər Təşkilatlarının nümayəndələri, TGT sədrləri və fəallarının iştirakı ilə dövlət gənclər siyasətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlayıb. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin əhəmiyyəti, bu günə qədər gənclərlə bağlı görülən işlər haqqında danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İttifaqın baş katibi Rəşad Zeynalov və proqram meneceri Fidan Həsənova tərəfindən İttifaqın 2023-cü il üzrə hesabatı təqdim olunub, həmçinin TGT-lərin və tələbə klublarının üzləşdiyi çətinliklər müzakirə olunaraq onların təklifləri dinlənilib. Müzakirənin ardınca TGT-lərin yenilənmiş vahid əsasnaməsi təqdim olunub. Daha sonra tələbə gənclər ATGTİ-nin SWOT analizinin hazırlaması üzrə qrup işi icra edib.
Forum müddətində TGT-lərin yenilənmiş vahid loqoya keçid edən 15 uğurlu Tələbə Gənclər Təşkilatı müəyyən edilib, daha sonra Gənclər Günü münasibətilə mükafatlanma mərasimi keçirilərək İlin Tələbə Klubu, İlin TGT Sədri, İlin TGT-i, Ağ Çinar nominasiyaları əsasında plaketlər təqdim olunub, həmçinin fəxri fərman və ilin TGT nümayəndələri təltif edilib.