CƏMİYYƏT
Tələbə gənclər Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar silsilə tədbirlər keçiriblər
Bakı, 8 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin dördüncü ildönümü və 9 Noyabr - Bayraq Günü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ATGTİ, Bakı və ətraf ərazilərdə yerləşən TGT-lərin 3000-dən çox fəalı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və İkinci Fəxri xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ATGTİ, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə “Qəhrəmanını Tanı” layihəsi çərçivəsində gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə silsilə görüşlər reallaşdırılıb. Ümumilikdə 2000-ə yaxın tələbəni əhatə edən layihə çərçivəsində Vətən uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərin xatirəsi ehtiramla anılıb, qazilərimizin döyüş yolları haqqında gənclərə məlumat verilib.
Həmçinin Gənclər Fondunun dəstəyi ilə reallaşan layihələr çərçivəsində Vətən müharibəsində qazanılan qələbə və Bayraq Gününün qeyd olunması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Şanlı Zəfərin yadigarı”, “Zəfər nəğməsi”, “Üçrəngli bayrağımın kölgəsində mən”, “Bayrağımız qürurumuzdur”, “Zəfərin dörd anı”, “Qalibiyyət tariximizin inciləri”, “Zəfərimizi tanıyaq, tanıdaq!”, “Dalğalanan bayrağımız”, “Bayraqdan istiqlala: tarixin izləri”, “Qələbə idman oyunlari” “Nə? Harada? Nə zaman?” intellektual yarışı, “Zəkanın Zəfəri” ixtisaslar arasında intellektual yarış, “Dünya zəfər tarixinin zirvəsi - 44 günlük Vətən müharibəsi”, “Şanlı bayrağım!”, “Yarımçıq xatirələr” kimi bir çox müxtəlif istiqamətli görüşlər, konfranslar, ekskursiyalar, konsert proqramları, panel müzakirə və dəyirmi masalar keçirilib.
Ümumilikdə İttifaq tərəfindən reallaşdırılmış kompleks tədbirlər ölkəmizin müxtəlif regionlarını əhatə etməklə, 80-dən çox ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan 9000-dən çox tələbəni qeyd olunan müxtəlif istiqamətli silsilə layihələrə cəlb edib.