Tələbələr antinarkotik təbliğatın vacibliyi barədə məlumatlandırılıblar
Bakı, 1 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Bir Könüllü” Tələbə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Narkotiksiz həyat” mövzusunda tələbələrlə görüş keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri, Gənclər Fondunun nümayəndəsi çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirlərinin səmərəliliyindən, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilib.
Tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.