TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetində tələbələrin pedaqoji və istehsalat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilmişdir.
Universitetin rektoru professor Kamal Abdullayev bildirmişdir ki, Elmi şuranın qərarı ilə bu il ilk dəfə pedaqoji və istehsalat təcrübəsi təkcə Bakıda deyil, Naxçıvan, Gəncə, Bərdə, Sabirabad, İsmayıllı, Şamaxı və Astarada, habelə respublikanın digər rayonlarında keçiriləcəkdir. Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, ibtidai təhsil pedaqogikası və metodikası, beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan 100-dən çox tələbə rayon mərkəzlərindəki və kəndlərdəki məktəblərdə dərs deyəcəklər. Tələbələr, ilk növbədə, çadır düşərgələrindəki uşaqların təhsil aldıqları məktəblərə göndəriləcəklər.
Elmi işlər üzrə prorektor, professor Asif Hacıyev təcrübəyə hazırlıq barədə danışmışdır. O bildirmişdir ki, bu məqsədlə təcrübəli müəllimlərdən ibarət işçi qrupu yaradılmışdır. Qrup təcrübə prosesinin əlaqələndirilməsini və bir sıra digər tədbirləri həyata keçirməklə məşğul olacaqdır. Naxçıvanda rus dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlər üçün seminar keçirilməsi, çadır şəhərciklərindəki məktəblərin hamiliyə götürülməsi, orada vətənpərvərlik tərbiyəsi istiqamətində iş aparılması, görüşlər keçirilməsi, divar qəzetlərinin buraxılması, mədəni və xeyriyyə tədbirlərinin təşkili nəzərdə tutulmuşdur.
Universitetin rəhbərliyi bu cür məktəblərlə birbaşa əlaqə yaradılmasını, orada təhsilin təşkilinə yardım göstərilməsini vacib sayır. Bundan əlavə, regionlarda müasir elmi-pedaqoji potensialın tətbiqi yerlərdə təhsilin inkişafına müsbət təsir göstərəcəkdir. Bunun həm də böyük mənəvi-psixoloji əhəmiyyəti vardır.
Tələbələrin təcrübə keçməsi ilə bağlı bütün xərcləri universitet öz üzərinə götürmüşdür.