REGİONLAR
Telekommunikasiya şəbəkələrinin payız–qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlər davam edir
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız–qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlər aparılır. Monitorinqlər Culfa, Şahbuz, Ordubad və Sədərək rayonlarında davam edir.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, monitorinqlər zamanı telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı məqsədilə qəzalı vəziyyətdə olan xətt və dirəklər dəyişdirilir, müvafiq mal-material ehtiyatı yaradılır, aşkar edilən digər nasazlıqlar aradan qaldırılır.
Avtomat telefon stansiyalarının işinə nəzarət olunur, istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyim və zəruri avadanlıqlarla təmin olunması istiqamətində də işlər davam etdirilir.
Monitorinqlər zamanı rayon rabitə idarələrinin binalarının dam örtüklərinin, istilik, su və kanalizasiya xətlərinin, yanğınsöndürmə balonlarının istifadəyə yararlığı yoxlanılır, mühafizəçilərin fəaliyyəti və onların mövsümə uyğun geyimlə təmin olunması diqqətdə saxlanılır. Qazanxanalar işlək vəziyyətə gətirilir.