“Təmiz Şəhər” ASC məlumat turlarını davam etdirir
Bakı, 3 aprel (AZƏRTAC). “Təmiz Şəhər” ASC Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turları təşkil etmişdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, ikinci dəfədir ki, təşkil edilən məlumat turunda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak etmişdir.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında tələbələrə müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunmuşdur. “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tələbələrə zavodun iş prinsipi barədə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Film nümayişindən sonra isə tələbələr zavodun idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsi ilə zavodun iş prosesini onlayn izləmişlər.
Məlumat turu çərçivəsində tələbələr zavodda tullantıların çeşidlənməsi prosesini izləmiş və “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən çeşidləmə işi haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra tələbələr çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi prosesini izləmək məqsədi ilə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olmuşlar. Zavodun iclas otağında zavodun fəaliyyəti haqqında film nümayiş etdirildikdən sonra qonaqlar “Təmiz Şəhər” ASC və zavodun nümayəndələrinə onları maraqlandıran suallarla müraciət etmiş və müzakirələr aparılmışdır.
Zavodun idarəetmə otağında monitorlar vasitəsi ilə tullantıların yandırılması prosesini izləyərkən iştirakçılara zavodun iş mexanizmi ətraflı şəkildə izah edilmişdir.