Tərtərdə "İgidlər ölməz, Vətən bölünməz!” tədbirində Daşaltı əməliyyatının şəhidləri xatırlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə "İgidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Qarabağ regionu üzrə nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Qarabağ müharibəsi veteranı və ehtiyatda olan polis əməkdaşı Həsənağa Bayramovun təşkilatçılığı ilə 1992-ci il yanvarın 25-26-da keçirilmiş Daşaltı əməliyyatı şəhidlərinin əziz xatirəsinə həsr olunan tədbirdə dövlət və ictimai təşkilatların nümayəndələri, müharibə veteranları, şəhidlərin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Həmin döyüşdə şəhid olanlar arasında Tərtər şəhərində doğulub boya-başa çatmış Əfqanıstan müharibəsi veteranları Rafiq Nuriyev və Rövşən Səfərov da olub. Qarabağ müharibəsi başlayandan silaha sarılaraq Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edən Rafiq Nuriyev 6 saylı məktəbin məzunu olub və onun təhsil aldığı orta məktəb indi onun adını daşıyır.
Vətən müdafiəçilərinin xatirəsi yad edilib, onlarla əlaqədar xatirələr söylənilib. Şagirdlərin ifasında vətən və şəhidlər haqqında şeirlər, mahnılar səslənib. Sonra ehsan süfrəsi açılıb. Şəhidlərin tanıdılması və ruhunun yad edilməsi üçün belə tədbirlərin keçirilməsi, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə də müsbət təsir edir.
Şəhid Rövşən Səfərovun anadan olduğu Tərtər rayonunun Sarıcalı kəndində də onun xatirəsi yad edilib.