REGİONLAR
Tərtərdə uşaq bağçalarının açılmasına hazırlıq işləri görülür
Tərtər, 13 fevral, AZƏRTAC
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına uyğun olaraq məktəbəqədər təhsil müəssisələri fevralın 15-dən fəaliyyətini bərpa edəcək. Bununla əlaqədar respublikanın digər yerlərində olduğu kimi, Tərtər rayonunda da müvafiq hazırlıq tədbirləri görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisindəki körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktik tədbirlər həyata keçirilir. Müəssisələr dezinfeksiya olunur, otaqlarda, mətbəxdə, sanitar qovşaqlarda səliqə-sahman yaradılır. Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.