Tibb Universitetində əczaçılıq analizində spektrofotometriyanın tətbiqinə həsr olunan metodik konfrans keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında “Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş metodik konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu, kafedrada keçirilən sayca 10-cu konfrans olub. Kafedranın müdiri, əczaçılıq elmləri doktoru, professor Tahir Süleymanov mövzunun təsadüfən seçilmədiyini söyləyib “Müasir əczaçılıq analizini spektrometrik üsullar olmadan ifadə etmək mümkün deyil. Son on ildə bütövlükdə əczaçılıq analizinə həsr olunmuş elmi-tədqiqat işlərinin yalnız 10 faizə qədəri, bəzi ədəbiyyatlarda 7 faizə qədərində kimyəvi əsaslanan üsullardan istifadə olunub”.
Professor öz çıxışında qeyd edib ki, əczaçılıq kimyası kafedrası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə 2015-2017-ci illərdə Qrant layihəsi əsasında respublikanın təbii sərvətlərindən yeni dərman vasitələrinin yaradılması üçün müasir əczaçılıq laboratoriyası yaradılıb. Laboratoriya fitokimya, əczaçılıq texnologiyası və standartlaşdırma bölməsindən ibarətdir və burada tələbələrin yeni metodika üzrə dərs keçməsi üçün hər cür şərait yaradılıb.
Sonra əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İsgəndərovun “Fotometriyanın növləri” mövzusunda məruzəsi dinlənilib.