TİMSAH BALALARI YUMURTANIN İÇİNDƏİKƏN ÜNSİYYƏTƏ GİRİRLƏR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Fransanın Sen-Etyen şəhərindəki Jan Mone Universitetinin alimləri Nil timsahlarının üzərində apardıqları tədqiqatlar zamanı aydınlaşdırmışlar ki, timsah balaları hələ yumurtadaikən bir-biri ilə ünsiyyətə girirlər. Balalar yumurtadan çıxmamışdan əvvəl gurultuyabənzər qəribə səslər çıxararaq, səs-küylü polifoniya yaradır, bir-birini eşidərək, yumurtanın qabığını yırğalayırlar. Ana timsah bu səslərə reaksiya verərək dərhal köməyə tələsir, balalarını yuvadan qazıb çıxarmağa başlayır.
Tədqiqatçılar yumurtadakı balaların səslərini yazmış, sonra bu audioyazını başqa səslərlə, yaxud səssizliklə növbələməklə gündə iki dəfə timsah yumurtalarının basdırıldığı yerdə səsləndirmişlər. Yumurtalardakı bala timsahlar öz qohumlarının səslərinə oxşar siqnallarla cavab vermiş, qabıqlarını yırğalamışlar, başqa səslərə və səssizliyə isə heç bir reaksiya verməmişlər.
Mütəxəssislərin fikrincə, timsahlar arasında belə ünsiyyət yumurtadan çıxma məqamının sinxronlaşmasına kömək edir, yaprıxmış torpaqdan çıxmaqda balalarına kömək etməyə tələsən ana timsahın diqqətini cəlb edir.
Timsah mütəxəssisi Adam Britton vurğulamışdır ki, eksperiment yolu ilə sübuta yetirilmişdir ki, timsahlar olduqca mürəkkəb sosial davranışa qadirdirlər. Onların bir sıra xüsusiyyətləri belə hesab etməyə imkan verir ki, timsahlar ən mütəşəkkil sürünənlər olub, baş beyinin inkişafına görə digərlərindən yüksəkdə dururlar.