Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanı 11 ölkə ABŞ-ın iştirakı olmadan imzalayıb
Tokio, 9 mart, AZƏRTAC
Martın 8-də Santyaqoda Asiya və Amerikanın 11 ölkəsinin nazirləri ABŞ-ın iştirakı olmadan Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanı imzalayıblar.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna verilən məlumata görə, Asiya və Amerikanın 11 dövləti bu ölkələr arasında azad ticarəti nəzərdə tutan TPP üzrə razılaşmanı Çilidə imzalayıblar.
Xatırladaq ki, TPP üzrə razılaşma 2015-ci ilin oktyabrında bağlanıb. TPP üzrə razılaşma Asiya-Sakit okean regionunda azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Sakit okean regionun payına dünya iqtisadiyyatının 40 faizi, ticarətinin isə üçdə biri düşür. İlkin variantda razılaşmada 12 dövlət - ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru iştirak edirdi. Lakin 2017-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını təsdiq edən sərəncam imzalayıb. Bundan sonra razılaşma ABŞ-ın iştirakı olmadan yenidən hazırlanıb.
TPP üzrə müqavilənin ən azı altı iştirakçı ölkənin parlamentləri tərəfindən təsdiqlənməsindən sonrakı 60 gün ərzində qüvvəyə minəcəyi bildirilir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa TPP-ni “ticarət üçün ciddi nümunə” adlandırıb. Digər ölkələrin də bu razılaşmaya böyük maraq göstərdiyini qeyd edən baş katib ümid etdiyini bildirib ki, razılaşma azad və ədalətli ticarət qaydalarına uyğun olaraq inkişaf edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio