CƏMİYYƏT
“TRT Haber” telekanalında tamaşaçılara Azərbaycanın 44 günlük müharibədə Zəfərindən bəhs edilib
Ankara, 8 noyabr, AZƏRTAC
Türkiyə mediası Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinin dördüncü ildönümünü geniş işıqlandırır.
AZƏRTAC xəbər verir ki, “TRT Haber” telekanalı Azərbaycanın tarixi Zəfərinin ildönümünə “Qarabağ Azərbaycandır: Zəfərin 4-cü ildönümü” adlı reportaj hazırlayıb. Telekanal milyonlarla tamaşaçını Azərbaycanın Qarabağ bölgəsinin tarixi, erməni işğalı dövrü və ölkənin ərazi bütövlüyünü və suverenliyini canları bahasına bərpa edilən qəhrəman övladları barədə məlumatlandırıb.
Telekanal müharibənin 44 günündən bəhs edərək qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin qədim torpaqlarında bayrağı ucaldıblar.
“Müharibənin ilk günlərindən Türkiyə qardaş Azərbaycanın yanında olub, Azərbaycan xalqının ədalətli mübarizəsinə güclü dəstəyini bəyan edib”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan mübarizəsində tək deyil!” sözləri sitat gətirilən reportajda daha sonra bildirilir.
İki qardaş ölkənin qardaşlıq və dostluğunun sarsılmazlığı vurğulanır.
Reportajda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına xüsusi diqqət yetirilir.
“Bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında çoxsaylı infrastruktur layihələri reallaşdırılır, “ağıllı şəhərlər”in qurulması konsepsiyası həyata keçirilir, sənaye və kənd təsərrüfatı sahələri dirçəldilir. Son 4 ildə bu məqsədlər üçün təxminən 7 milyard dollar ayrılıb”, - deyə “TRT Haber” bildirir.
Ankara