TUQALXUUGİYN BAASANSUREN: “AZƏRBAYCANIN İQTİSADİ TƏRƏQQİSİNİ ÖLKƏYƏ GƏLƏN HƏR BİR KƏS HİSS EDİR”
Monqolustanda çıxan gündəlik “Montsame medee” qəzetində MONTSAME informasiya agentliyinin direktoru, yazıçı-jurnalist Tuqalxuugiyn Baasansurenin “Əbədi odlar şəhəri Bakıda” sərlövhəli məqaləsi dərc olunmuşdur. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin sentyabrın əvvəlində Bakıda keçirilmiş iclasında iştirak etmiş T.Baasansuren vətənə qayıdandan sonra öz təəssüratlarını oxucularla bölüşmüşdür.
Müəllif yazır: “Mənə hələ ötən əsrin 80-ci illərində qonağı olduğum Bakıya yenidən getmək xoşbəxtliyi nəsib olmuşdur. Onda Azərbaycan Sovet İttifaqının tərkibində idi. Monqolustan və Azərbaycan arasında yaxşı münasibətlər yaranmışdı. Bəzi azərbaycanlı mütəxəssislər bizdə işləyirdilər. Bizim tələbələrimiz Bakıda təhsil alırdılar. Ulan-Batorda Azərbaycanın timsalında Sovet İttifaqı günlərinin keçirildiyi vaxtları unutmaq mümkün deyildir. Nümayəndə heyətinin tərkibində gəlmiş şair və bəstəkarlar monqolustanlı həmkarları ilə birlikdə mahnı bəstələmiş və hətta onu təntənəli mərasimdə bir ağızdan oxumuşdular: ”...Azərbaycan və Monqolustanı qardaşlıq telləri bağlayır”. Bütün bunlar 20 il əvvəlin hadisələridir. İndi isə Azərbaycan müstəqil dövlətdir. Monqolustan isə Asiyada onun müstəqilliyini tanımış ilk ölkələrdən biridir”.
Sonra müəllif yazır ki, ötən illərdə Bakı xeyli böyümüş, daha da gözəlləşmişdir. Hər yerdə ucaldılan yeni binaların tikintisində milli memarlıq ənənələrindən istifadə olunur. Jurnalist öz məqaləsində dənizkənarı Milli Parkın gözəlliyindən, Azərbaycan paytaxtının tarixi abidələrindən də bəhs edir.
Azərbaycanın neft-qaz ölkəsi olduğunu xatırladan monqolustanlı həmkarımız belə bir faktı da vurğulayır ki, bir vaxtlar respublika təkcə özünü deyil, bütün Sovet İttifaqını neftlə təmin edirdi. 1941-45-ci illər müharibəsi dövründə SSRİ-də çıxarılan neftin 75 faizi, aviasiya benzini istehsalının 85-90 faizi Azərbaycanın payına düşürdü. Bununla belə, sonrakı illərdə Azərbaycan inkişaf səviyyəsinə görə ən geridə qalan respublikalardan birinə çevrilmişdi.
Müəllif yazır ki, Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra respublika qabaqcıllar sırasına çıxdı. 1993-cü ildə o, xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra isə ölkənin müstəqilliyinin qorunması və inkişaf yoluna çıxarılması üçün əsl mübarizəyə başladı. Dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək tərəqqisinin təməlini qoydu.
Materialda, xüsusən, son vaxtlar intensiv inkişaf edən Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, OANA İcraiyyə Komitəsinin 30-cu iclası iştirakçılarının Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev ilə görüşü barədə də söhbət açılır. Müəllif sonda yazır: “Bu gün Azərbaycan postsovet məkanının müstəqillik əldə etmiş digər ölkələrini iqtisadi inkişaf səviyyəsinə görə xeyli qabaqlayır və onun iqtisadiyyatının inkişafı getdikcə sürətlənir. Bunu Azərbaycana gələn hər bir kəs hiss edir”.