TURAN CAVİD NAXÇIVANDA SON MƏNZİLƏ YOLA SALINDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 13-də Turan Cavidin cənazəsi Bakıdan xüsusi təyyarə ilə ata yurdu Naxçıvana gətirilmişdir. Naxçıvan Beynəlxalq hava limanında təyyarəni Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və ictimaiyyətin nümayəndələri qarşıladılar.
Cənazə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gətirilərək matəmsayağı bəzədilmiş səhnədə postament üzərinə qoyuldu. Salonda həzin matəm musiqisi səslənirdi.
Vida mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, Hüseyn Cavid mükafatı laureatı Azər Turan çıxış edərək, Turan Cavidin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolunu yeni nəsillərimiz, Azərbaycanın ziyalı qadınları üçün nümunə olduğunu vurğuladılar.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov vida mərasimində çıxış etdi. O dedi: Azərbaycan xalqına ağır itki üz vermişdir. Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan Cavidlər ailəsinin sonuncu üzvü – Turan Cavid dünyasını dəyişmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu ailəyə həmişə dərin məhəbbətlə yanaşmışdır. O, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsinə nail oldu və Naxçıvanda məqbərəsini ucaltdı. Bununla Turan xanımın digər arzuları da həyata keçdi - anasının və qardaşının məzarları da məqbərəyə köçürüldü.
Ali Məclisin sədri daha sonra dedi ki, bu gün Turan xanımla vidalaşırıq. Ötən il onun 80 illik yubileyi Naxçıvanda qeyd olundu. Turan xanım üçün ən böyük təmtəraq Hüseyn Cavidin irsini yaşatmaq, onun əsərlərini orijinal formada çap etdirmək idi. Bu fikir 1992-ci il oktyabr ayının 23-də bu salonda ümummilli liderimizin çıxışında öz əksini tapmışdı. Heyif ki, Turan xanım bunu başa çatdıra bilmədi. Ancaq mən əminəm ki, ümummilli liderimizin yolunu ləyaqətlə davam etdirən Prezidentimiz İlham Əliyevin Hüseyn Cavid irsinə qayğısı nəticəsində bu iş başa çatdırılacaqdır. Ölkəmizin Prezidenti bu mərasimin keçirilməsinə, Turan xanımın son mənzilə Hüseyn Cavidin ailəsinin adına layiq yola salınmasına xüsusi diqqət göstərmişdir. Biz Turan xanımın, Cavidlər ailəsinin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.
Sonra Ali Məclisin sədri, tanınmış elm adamları, ziyalılar, ictimaiyyətin nümayəndələri cənazənin yanında fəxri qarovulda dayandılar. Azərbaycanın fədakar qızına son borclarını verdilər.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Hüseyn Cavidin vaxtilə yaşadığı evə gətirildi. Matəm mərasiminin iştirakçıları Cavidlər ailəsinin sonuncu nümayəndəsi ilə vidalaşdılar.
Sonra Turan Cavidin cənazəsi ailə üzvlərinin uyuduğu Hüseyn Cavid məqbərəsinə gətirilərək torpağa tapşırıldı. Mərhumun ruhuna dua oxundu.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!