“Türk Dünyası Muzeylərinin həftəsi”nin keçirilməsinə start verilib
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-24-də “Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası muzeyləri ilə tanış etmək, gəncləri Türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etməkdir.
Mayın 18-də onlayn platformada təşkil edilən Türk Dünyası Muzey Həftəsinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Fonda üzv və müşahidəçi dövlətlərin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə, layihəyə cəlb olunan türkdilli ölkələrin muzeylərinin rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov bu layihənin türkdilli ölkələrin ortaq mədəniyyətinin tanınmasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə dəyərli töhfələr verəcəyini bildirib. Nazir məktəb təhsilinin inkişafında muzeylərin rolunu yüksək qiymətləndirərək, bu layihədə Azərbaycanın müxtəlif regionlarından çox sayda məktəblilərin iştirakını qeyd edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva nitqində Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclər Mərkəzi ilə birgə ilk dəfə keçirilən Türk Dünyası Muzey Həftəsinin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi üçün əhəmiyyətini vurğulayıb. G.Əfəndiyeva bu layihə vasitəsilə məktəblilərin bir-birindən maraqlı muzeylərə səyahət edərək, Türk Dünyası ölkələrinin mədəniyyətini və incəsənətini daha yaxından öyrənəcəklərini bildirib.
Açılışda Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi bu layihənin türkdilli dövlətlər arasında birləşdirici rol oynadığını vurğuluyaraq, öz ölkələrinin mədəniyyəti və incəsənətindən qısa məlumat veriblər.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə 2015-ci ildən etibarən təşkil olunan Məktəblilər üçün “Muzey Həftəsi” proqramının ilk dəfə olaraq beynəlxalq statusda, Türk Dünyasının Muzey Həftəsi kimi birgə qeyd olunduğunu vurğulayıb və bununla əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib. O, həmçinin virtual ekskursiyalara məktəblilərin və Bakı şəhəri daxil respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulmasının nəzərdə tutulduğunu qeyd edib.
Sonra Türk Dünyası Muzeylərinin həftəsində iştirak edən Azərbaycan Milli Xalça Muzeyinin, Qazaxıstan Milli Muzeyinin, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinin, Türkiyə Respublikası Troya Muzeyinin, Özbəkistan Dövlət Tarix Muzeyinin, Macarıstanın Milli Muzeyinin direktorları birgə əməkdaşlığın müsbət təsirlərini bildiriblər.
Rəsmi hissədən sonra məktəblilər Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahət edərək, orada sərgilənən eksponatlarla tanış olublar.
Xatırladaq ki, layihə çərçivəsində mayın 18-24-də həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənclər üçün virtual ekskursiyaların təşkili nəzərdə tutulub. Proqram mayın 19-u Qazaxıstan Milli Muzeyi, mayın 20-si Qırğızıstan Milli İncəsənət Muzeyi, mayın 21-i Türkiyə Troya Muzeyi, mayın 22-si Özbəkistan Dövlət Tarix Muzeyi, mayın 23-ü Macarıstan Milli Muzeyi ilə davam etdiriləcək və mayın 24-də məktəblilər üçün Muzey Həftəsinin rəsmi bağlanışı ilə yekunlaşdırılacaq.