SİYASƏT
Türk ekspert: Azərbaycanın başlatdığı antiterror tədbirləri beynəlxalq hüquq baxımından əsaslıdır

Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın başlatdığı lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquq baxımından əsaslıdır. Əgər beynəlxalq hüquqda dövlətin öz ərazi bütövlüyü ilə yanaşı, vətəndaşlarının da təhlükəsizliyini təmin etmək öhdəliyi təsbit olunubsa, o zaman Azərbaycan dövləti tam haqlıdır. Təsadüfi deyil ki, heç bir beynəlxalq təşkilat Azərbaycanın antiterror tədbirlərinə qarşı çıxış etmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalı altında qalan torpaqlarını azad edərək Ermənistana sülh, Qarabağdakı ermənilərə isə təklif etdi. Lakin Qarabağda məskunlaşan separatçılar bununla razılaşmadılar. Yalançı vətənpərvərlik üzərində siyasət quran separatçı rejim tez-tez hərbi təxribatlara əl atmağa başladı. Atəşkəs rejimini pozmaqla, Azərbaycanın göndərdiyi humanitar yardımı yolda saxlamaqla, yalan təbliğat aparmaqla separatçılar sülh istəmədiklərini açıq-aşkar şəkildə ortaya qoydular. Belə məsələləri böyük sülhün əldə olunması naminə arxa plana keçirmək olardı. Lakin heç bir günahı olmayan sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak olmasına göz yummaq olmazdı.
Bu baxımdan Azərbaycan hökuməti lokal xarakterli antiterror tədbirləri keçirmək məcburiyyətində qaldı. Vətəndaşların daim qorxu altında yaşaması qəbuledilməzdir.
“Belə antiterror tədbirləri dünyada bir çox dövlətlər tərəfindən həyata keçirilib. Türkiyə, Rusiya, İran, ABŞ, İspaniya, Böyük Britaniya belə addımlar atıblar. Bu tədbirlərin məqsədi terrorçuların infrastrukturunu məhv etmək və əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət olur”, - deyə o vurğulayıb.