Türkiyədə Azərbaycan Kino Günləri davam edir VİDEO
İstanbul, 9 may, AZƏRTAC
Türkiyənin İzmir və Bursa şəhərlərində Azərbaycan Kino Günləri davam edir. Filmlərimizin növbəti nümayişi Bursa şəhərində başlayıb.
AZƏRTAC xəbər verir ki, Bursada Azərbaycan Kino Günlərinin açılışı olub.
Şəhərin Osmanqazi Sənət Mərkəzində keçirilən tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bursanın dövlət qurumlarının rəhbərləri, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, şəhərin mədəniyyət-incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbirdən əvvəl Osmanqazi Sənət Mərkəzinin foyesində sərgilənən, bursalı məktəblilərin Azərbaycanla bağlı çəkdikləri rəsmlərə baxış keçirilib. Azərbaycanın rəsmlərdə əks etdirilən mədəniyyəti, tarixi abidələri ilə bağlı ziyarətçilərə məlumat verilib.
Azərbaycan Kino Günlərinin açılış mərasimində çıxış edən Bursa şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbəri Kamil Özer ölkələrimiz arasındakı tarixi qardaşlıq bağları haqqında danışıb, layihənin qarşılıqlı olaraq mədəniyyətimizin, o cümlədən yeni filmlərimizin daha yaxından tanınması baxımından əhəmiyyətini vurğulayıb.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, bu mirasın Türkiyədə daha yaxından tanıdılması məqsədilə həyata keçirilən layihələr, eləcə də qardaşlıq münasibətlərimizdən danışıb.
O, Türkiyənin mühüm mədəniyyət və turizm şəhərlərindən olan İzmir və Bursada Azərbaycan mədəniyyətinin, kinosunun təbliğindən bəhs edib, bu tədbirlər çərçivəsində mərkəzi kino salonları ilə yanaşı universitetlərdə də ekran əsərlərimizin nümayiş etdirildiyini, filmlərdə rol alan artistlərimizlə görüşlər keçirildiyini bildirib.
Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzov və Bursa Azərbaycan Dərnəyinin rəhbəri Lətifə Nağdəliyeva çıxışlarında Azərbaycan xalqının zəngin mədəni irsi və güclü sənət ənənələri ilə Türk dünyasının ortaq mədəni xəzinəsinə mühüm töhfələr verdiyini qeyd ediblər.
Sonra rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.
Film Azərbaycanın kənd mühitində yaşayan, tənha və xəyalpərəst bir uşaq olan Butanın həyatını, onun daxili aləmini, təbiətlə münasibətini və cəmiyyətə uyğunlaşma çətinliklərini sadə, lakin dərin məna çalarları ilə təqdim edir.
Film izləyicilər tərəfindən maraqla və alqışlarla qarşılanıb.