Türkiyədə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi və təşkilatçılığı ilə bu ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər keçiriləcəkdir.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, fevralın 18-də Malatyada fəaliyyət göstərən İnönü Universitetində təhsil alan tələbələrimiz və azərbaycanlı müəllimlər “Xocalı qətliamı” adlı tədbir təşkil edəcəklər.
Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin (AzeDer) Təhsil Müşavirliyi ilə hazırladığı video fevralın 20-dən-26-dək sosial mediada yayımlanacaqdır.
Fevralın 20-də Samsun Ondokuz Mayıs Universitetində təhsil alan tələbələrimiz konfrans keçirəcəklər.
Fevralın 22-26-da Eskişehirdə təhsil alan tələbələrimiz burada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyi ilə birgə “Xocalı soyqırımı” adlı rəsm sərgisi təşkil edəcəkdir. Fevralın 22-də Erciyes Universitetində soyqırımı ilə bağlı konfrans təşkil ediləcəkdir. Fevralın 23-də isə şəhər mərkəzində aksiya keçirəcək və “Xocalı soyqırımını unutmayacağıq” adlı səhnəcik nümayiş etdiriləcəkdir.
Fevralın 23-də İzmir Tepekule Kongre Mərkəzində Türkiyədə təhsil alan xarici tələbələr arasında “Xocalı dünya gənclərinin gözü ilə” mövzusunda yanvar ayında başlamış yarışın qalibləri mükafatlandırılacaqdır.
Fevralın 24-də İzmir tələbə təmsilçiliyi və İzmir Azərbaycan Mədəniyyət Dərnəyi ilə birgə Xocalı soyqırımı ilə bağlı mətbuat konfransı keçiriləcəkdir. Həmin gün İzmir Ege Universiteti Zəkai Doğan Mədəniyyət Evində universitetin professor-müəllim heyətinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı panel təşkil olunacaqdır. Eyni zamanda, Kütahya Dumlupınar Universitetində faciə ilə bağlı seminar keçiriləcəkdir.
Adana Çukurova Universitetində təhsil alan tələbələrimiz isə Adanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyi ilə bərabər Adana Böyükşəhər Bələdiyyəsinin teatr salonunda “Xocalı qətliamı” adlı proqram təşkil edəcəklər.
Fevralın 25-də Ankaranın Kızılcahamam rayonunda Xocalı abidəsinin və parkının açılışı olacaqdır. Həmin gün Uludağ Universitetində təhsil alan tələbələrimiz Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirəcəklər.
İstanbulda təhsil alan tələbələrimiz isə Avropa Azərbaycan Cəmiyyəti ilə birgə İstanbul Ortaköy Meydanında Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edəcəkdir. Tədbirdə Xocalı faciəsinin şahidlərinin çıxışları nəzərdə tutulmuşdur Bununla yanaşı, Ortaköy Meydanında rəqəmsal sərgi nümayiş etdiriləcəkdir.
Fevralın 26-da Türkiyənin TRT Avaz telekanalı vasitəsilə Xocalı soyqırımına həsr olunmuş proqramlar 27 ölkədə canlı yayımlanacaqdır. Proqramda Türkiyənin, Azərbaycanın və dünyanın bir çox ölkələrinin deputatlarından, siyasi xadimlərindən, elm adamlarından, Xocalı faciəsinin şahidlərindən alınan müsahibələr beynəlxalq ictimaiyyətə çatdırılacaqdır. Proqramda “Xocalıya ədalət” kampaniyasının Türkiyə üzrə təmsilçisi Gözdə Kılıç Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyası haqqında məlumat verəcəkdir.
Fevralın 26-da Qazi Universitetinin Memar Kəmaləddin salonunda Xocalı qətliamının 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə Qazi Universiteti incəsənət fakültəsinin fotoqraf və video kafedrasının Azərbaycan Tibb Universiteti ilə birgə hazırladığı “Sönməyən atəş Xocalı” adlı video nümayiş etdiriləcəkdir.
Fevralın 26-da Ankaranın Keçiörən rayonunda Xocalı abidəsinin açılışı olacaqdır. Həmin gün Ankarada təhsil alan tələbələrimiz Türkiyə-Azərbaycan Dərnəyi ilə birlikdə Ankara Universitetinin kənd təsərrüfatı fakültəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcəklər.
Eyni zamanda, Erciyes və Məlikşah universitetlərində Xocalı soyqırımı ilə bağlı panellərin təşkili planlaşdırılır. Panellər zamanı 30 ölkənin tələbə təşkilatlarının nümayəndələri ilə birlikdə hazırlanmış videoçarx nümayiş etdiriləcəkdir.
Həmin gün Balıkəsir, Antalya Ağdəniz universitetlərində təhsil alan tələbələrimiz Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcəklər.
Elazığ Fırat Universitetində təhsil alan tələbələrimiz isə şəhərin mərkəzində aksiya keçirəcək, mətbuat konfransı və panel təşkil edəcəklər.
Fevralın 28-də Ərzurum Atatürk Universitetində təhsil alan tələbələrimiz bu ali təhsil ocağında fəaliyyət göstərən müəllimlərimizlə birlikdə şəhərin mərkəzində aksiya təşkil edəcək və universitetdə konfrans keçirəcəklər.