Türkiyəli mütəxəssis könüllülərə layihələrin idarə olunması mövzusunda təlim keçib
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilən “Könüllülərin fərdi inkişaf proqramı” layihəsi çərçivəsində könüllülər üçün 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş vebinar baş tutub.
AZƏRTAC xəbər verir ki, “Layihələrin idarə olunması” adlı vebinarda təlimçi qismində layihələrin idarə olunması üzrə beynəlxalq təlimçi, Türkiyənin Boğaziçi Universitetinin müəllimi Soner Şahan seminar keçib. O, təlimə qatılan və bu sahəyə xüsusi maraq göstərən könüllüləri layihə menecmentinin əsasları və layihələrin strukturu ilə tanış edib. Gənclərə, həmçinin səmərəli kommunikasiya, vaxtdan səmərəli istifadə, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsi kimi vacib anlayışlar haqqında məlumat verilib.
İnteraktiv müzakirələrlə davam edən təlimdə Soner Şahan könüllülərin suallarını cavablandırıb, gələcək karyeralarını qurmaq istəyən gənclərə tövsiyələrini verib. Görüşdən xoş təəssüratlarla ayrıldığını bildirən mütəxəssis Azərbaycan könüllülərinin fəaliyyətini yüksək qiymətləndirdiyini və gənclərin gələcəkdə ölkəmizin rifahı üçün olduqca böyük işlər görəcəyini qeyd edib.
İki aya yaxındır davam edən “Könüllülərin fərdi inkişaf proqramı” layihəsi gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu müddətdə 700-ə yaxın gəncin iştirakı ilə bir sıra tanınmış mentor və təlimçilər tərəfindən “Excel” və praktiki mühasibatlıq, fərdi inkişaf və biznes sahələri üzrə onlayn təlimlər baş tutub. Könüllülərin böyük maraq göstərdiyi layihənin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.