RƏSMİ XRONİKA
TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN ÇIXIŞI
Dəyərli ceyhanlı qardaşlarım!
Hörmətli xanımlar və cənablar!
Sizi belə gözəl bir açılış mərasimində ən xoş duyğularla salamlayıram.
Bu gün iki mühüm mərasimi gerçəkləşdirdik. Bunlardan biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru xəttinin açılışı idi ki, bunun da memarı mərhum Heydər Əliyev olmuşdur. Məhz Ceyhandakı terminal Heydər Əliyev adına terminal kimi tarixə düşdü və bununla bu bölgə sülhə, qardaşlığa, dostluğa bir mesaj verdi. 1994-cü ildən bu günə qədər atılan addımlar, şükürlər olsun ki, son nöqtəsinə çatdı. İyunun 4-dən etibarən neft daşınmağa başladı və bu gün Ceyhanda rəsmi mərasimi gerçəkləşdirdik.
Hazırda ikinci mərasimi keçirir, “Türkiyə-Azərbaycan qardaşlığı parkı”nın açılışını edirik. Xüsusilə Ceyhanın bələdiyyə başçısına və bu işdə əməyi olan bütün insanlara təşəkkür edirəm.
Biz mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” olaraq gələcəyə baxırıq. Eyni şəkildə tərəqqi edirik və hər ötən gündə bu inkişaf daha da irəliyə gedir və gedəcəkdir. İnanıram ki, hazırda bütün türkdilli cümhuriyyətlərdə olan inkişafın önəmli olması sentyabr və oktyabr aylarında Türkiyədə keçirəcəyimiz tədbirlərdə, çıxışlarda bir daha nümayiş etdiriləcəkdir. Mən xüsusilə bu sahədə atasının yolunu uğurla davam etdirməsinə görə burada dəyərli qardaşıma ölkəm, millətim adından və öz adımdan çox təşəkkür edirəm.
Mən cümhuriyyətimizin banısı Mustafa Kamal Atatürkü, eyni zamanda, müstəqil Azərbaycanın banisi Heydər Əliyevi bir daha rəhmətlə anır, bu parkın açılışında əməyi olanlara təşəkkür edir, qardaşım İlham Əliyevə də ölkəmizə bir daha “Xoş gəlmisiniz!” deyirəm.
X X X
Sonra Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri parkı gəzərək, bu istirahət guşəsi ilə tanış oldular.
Azərbaycan və Türkiyə qardaşlığına, eləcə də ulu öndərlər Atatürkə və Heydər Əliyevə həsr olunmuş mahnıları, milli musiqi nömrələrini böyük maraqla dinləyən ceyhanlılar bu parkın xalqlarımızın əbədi dostluğunun nümunəsi olduğunu xüsusi vurğuladılar.