TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ VƏ BAŞ NAZİRİN MÜAVİNİ MEHMET ƏLİ ŞAHİNİN ÇIXIŞI
Hörmətli nazirlər, İstanbulumuzun dəyərli bələdiyyə sədri, dəyərli millət vəkilləri, hörmətli həmkarlar!
Azərbaycanın yetişdirdiyi böyük dövlət adamı, sabiq Prezident, əvəzedilməz bir şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsini yaşadacaq Sarıyerdəki parkda Heydər Əliyevin abidəsinin açılışı münasibətilə bu gün bir araya gəlmişik. Bu münasibətlə mərhum Heydər Əliyevin xatirəsi qarşısında bir daha baş əyirik, ruhunun şad, məkanının cənnət olmasını arzu edirik.
Əziz könül dostları, Heydər Əliyev parkı, sadəcə, onun xatirəsini yaşatmaqla məhdudlaşmayacaqdır. Bu park Türkiyə və Azərbaycan xalqları arasında əzəldən gələn və əbədiyyətə qədər davam edəcək dostluq və qardaşlığın ölkəmizdə və Azərbaycandakı saysız-hesabsız nişanələrinə daha bir əlavə olacaqdır. Böyük dövlət adamı Heydər Əliyevin bir zamanlar çox dəqiq söylədiyi kimi, Türkiyə və Azərbaycan arasındakı dostluq iki suveren və müstəqil dövlət arasında qurula biləcək əlaqələrdən çox üstündür. Həmin münasibətlər dünyada analoquna az rast gəlinən səviyyədədir. Bir az əvvəl qeyd edildiyi kimi, “bir millət, iki dövlət” kəlamında öz dəqiq ifadəsini tapan bu əlaqələri daha da inkişaf etdirmək öhdəliyi hər iki ölkəyə rəhbərlik etmək məsuliyyətini daşıyan bizlər üçün böyük şərəfdir.
Bu hadisə münasibətilə bir araya gəldiyimiz gün ölkəmizi şərəfləndirən Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə və onu müşayiət edən hörmətli qonaqlara bir daha “Xoş gəldiniz!” demək istəyirəm. Bilin ki, mərhum Heydər Əliyevin adını daşıyacaq və xatirəsini yaşadacaq bu park sizin üçün də vətən torpağıdır, gələcək nəsillərə qoyub gedəcəyiniz çox dəyərli bir xatirədir.
Çox hörmətli Prezident, dəyərli qonaqlar!
Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin və onu müşayiət edən nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri son dərəcə mənalı və mənalı olduğu qədər də əhəmiyyətli bir hadisə ilə bağlıdır. Sabah Ceyhanda keçiriləcək mərasimdə Türkiyə və Azərbaycanın başqa bir yaxın dostumuz və qonşumuz olan Gürcüstanla birlikdə əl-ələ verərək gerçəkləşdirdikləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı olacaqdır. Bu neft kəməri mərhum Heydər Əliyevin səyləri və birbaşa xidmətləri nəticəsində Türkiyə və Azərbaycan əməkdaşlığının çatdığı səviyyəni göstərən müştərək bir əsərdir. Bu duyğu və düşüncələrlə dəyərli qonaqlarımıza yenidən Türkiyəyə “Xoş gəldiniz!” deyirəm. Mərhum Heydər Əliyevin əziz xatirəsi qarşısında yenidən hörmət və ehtiramla baş əyirik. Hamınızı bir daha hörmətlə salamlayıram.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.