Türkiyənin xarici işlər naziri Ermənistanla normallaşma prosesinin üç şərti olduğunu bildirmişdir
İstanbul, 19 noyabr (AZƏRTAC). Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtondakı Brookings İnstitutunda sualları cavablandırmışdır.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, türkiyəli nazir bir suala cavabında Ermənistanla normallaşma prosesinin üç şərti olduğunu bildirmişdir. Bunlar, Türkiyə və Ermənistanın qarşılıqlı hörmət şəraitində yaşayan iki qonşu dövlətə çevrilməsi, Ankaranın erməni diasporu və bütün dünyadakı ermənilərlə mövcud olan tarixi problemlərin həlli və Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasıdır. Normallaşma prosesinin baş tutması yalnız bu üç şərtin paralel olaraq yerinə yetirilməsindən sonra mümkündür.
Ə.Davudoğlu rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsinə də böyük əhəmiyyət verdiyini söyləmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul