REGİONLAR
Ucarda şəhidin xatirəsinə bulaq tikilib
Ucar, 16 noyabr, AZƏRTAC
Ucar rayonunun Qaziyan kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı qüvvələrin giziri Vüqar Telman oğlu Ələkbərovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi noyabrın 16-da Vüqarın dünyaya göz açdığı gündə, uyuduğu kənd qəbiristanlığında keçirilib. Mərasimdə rayon rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhid Vüqar Ələkbərovun məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.
Kənd qəbiristanlığının girişində inşa edilən bulağın açılışında Vüqarın şərəfli ömür yolundan xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışılıb, bu qələbənin heç də asan olmadığı, Vüqar və onun kimi şəhidlərin canı, qazilərin qanı bahasına başa gəldiyi vurğulanıb.
Məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söylənilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Vüqar Telman oğlu Ələkbərov Vətən müharibəsində Kəlbəcər, Xocavəndin Hadrut qəsəbəsi, Cəbrayıl və Füzuli istiqamətlərində döyüşlərdə igidliklə vuruşub. Ötən il oktyabrın 12-də Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.