Üç rüb ərzində Səngəçal terminalından 172 milyon bareldən çox neft və kondensat göndərilib
Bakı, 2 noyabr, AZƏRTAC
Üçüncü rübdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk üç rüb ərzində terminal təxminən 172 milyon bareldən çox neft və kondensat, o cümlədən 171 milyon barel “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 522 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.