Üç rübdə “Şahdəniz” üzrə fəaliyyətlərə 2 milyard dollardan çox vəsait xərclənib
Bakı, 2 noyabr, AZƏRTAC
Cari ilin ilk üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 738 milyon dollar əməliyyat xərcləri və təxminən 653 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.
Üçüncü rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72,1 milyon (ildə təqribən 26,3 milyard) standart kubmetrdir.
Cari ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
Bu cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri tamamlanıb və hazırda bütün sistemin təhvil verilməsi üçün platformada aparılan istismar sınaqları davam edir.
Üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu SDF03z quyusunun tamamlama işlərini bitirib və SDF05 quyusunun tamamlama işlərinə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.