ELM VƏ TƏHSİL
UCQAR DAĞ KƏND MƏKTƏBİNİN 70 İLLİK YUBİLEYİ
Dunus Dmanisi rayonunun ucqar dağ obalarından biridir. Hələ 1932-ci ildə bünövrəsi qoyulan yerli orta məktəb bölgədə yaşayan soydaşlarımızın maariflənməsində, uşaqların təhsil almasında və sağlam ruhda böyüməsində böyük rol oynamışdır.
Bu günlərdə Dunus kənd məktəbinin 70 illik yubileyi ilə əlaqədar burada təntənəli yığıncaq keçirildi. Tədbiri məktəbin direktoru Şahin Həsənov açaraq, qonaqları salamladı və bu təhsil ocağının keçdiyi yoldan, onun indi istər Gürcüstanda, istərsədə xarici ölkələrdə məsul vəzifələrdə çalışan yetirmələrindən danışdı. Dmanisi rayon təhsil şöbəsinin müdiri Teymur Devzonaşvili tədbirdə çıxış edərək, şad bir xəbər çatdırdı: Kvemo Kartli - Borçalı bölgə rəhbərliynin qərarı ilə Dunus kənd məktəbinə uzun illər onun direktoru işləmiş Rəşid Həsənovun adı verilmişdir. Bölgə qubernatorunun müavini Əli Yüzbaşov, Gürcüstan parlamentinin deputatı Mikayıl Mahmudov, Azərbaycan Milli Məclisinin deputatı, Bakı İqtisad Universitetinin rektoru, professor Əli Abbasov, Dmanisi Rayon İcra Hakimiyyətinin başçısı Şota Sixelaşvili, S.-S. Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti Marneuli filialının rektoru Novruz Bayramov və başqaları tədbirdə çıxış edərək məktəb kollektivini həm yubiley, həm də ona Rəşid Həsənovun adı verilməsi münasibətilə təbrik etdilər, müəllim və şagirdlərə uğurlar arzuladılar.
Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Həsən İsmayılov çıxışında Prezident Heydər Əliyevin Gürcüstandakı soydaşlarımıza və Azərbaycan məktəblərinə qayğısından və bu məqsədlə onlara hər il dərsliklər və tədris ləvazimatı göndərildiyindən danışdı və özü ilə gətirdiyi dərslikləri, maddi yardımı məktəbə təqdim etdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi rayonu